“Bakılı oğlanlar”ın növbəti məzmunsuz filmi
22 Mart 2019 Kino

“Bakılı oğlanlar”ın növbəti məzmunsuz filmi

Sevda Sultanova

Rejissor Cabir İmanovun 2017-ci ildə çəkdiyi “Ağanatiq” komediyasını təqdim edirik:

Süjeti: Baş qəhrəman Ağanatiq (Cabir İmanov) taksi sürücüsüdür. Altı qızı olan Ağanatiq oğlan övladı arzusundadır. Adi günlərin birində iş başında olanda zəngin iş adamı Əvəzlə (Azər Məmmədzadə) tanış olur. O, Ağanatiqə təklif edir ki, onun ərköyün qızı Aylinin (Ziba Şücai) sürücüsü olsun. Bu arada başqa bir imkanlı adam Nəriman (Elçin İmanov) Əvəzdən, ona məxsus olan ərazini yüksək məbləğə almaq istəyir. Ki, daha baha qiymətə ərəb şeyxlərinə satsın. Amma Əvəz razılaşmır. Onu razılığa gətirmək üçün qızını oğurlayırlar. Və Ağanatiq vaxtilə Əfqanıstandan vuruşduğu dostlarıyla birləşib qızı xilas edirlər.

…”Planet Parni iz Baku Film”in istehsalı olan “Ağanatiq” bitəndən sonra düşündüyüm ilk şey bu oldu: axı belə bir keyfiyyətsiz, yazıya yararsız olan məhsuldan nə yazmaq olar?! Amma hər halda natamam, əsaslandırılmamış süjet üzərində qurulan filmdən nəsə yazmağa cəhd eləmək istəyirəm.

Filmin əsas qüsurlarından biri odur ki, əhvalatın məqsədi, ötürmək istədiyi mesaj aydın deyil. Yəni müəlliflər bu əhvalatla azərbaycanlı tamaşaçıya nə demək istəyiblər? Bədii niyyətlərinin canı nəydi? Axı istənilən yaradıcı məhsul özlüyündə nəsə bir məna, informasiya daşımalıdır. Kommersiya filmi olsa belə.

Kommersiya kinosu ilə məşğul olanlarda formalaşan fikirlərdən biri də budur ki, geniş tamaşaçı kütləsinə ünvanlanan məhsul mütləq bəsit olmalıdır. Onların azərbaycanlı tamaşaçını “küt” hesab etməsinin səbəbi aydın deyil. İzlədiyim filmlərdən isə gəldiyim qənaət budur ki, əslində yaradıcı heyətin özünün yumor anlayışı səthidir, yaradıcı potensialı aşağıdır, mövzuya baxış bucaqları, onu görə bilmək imkanları məhduddur. 

Maraqlısı odur ki, ssenarini beş müəllif işləyib (Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Məmmədəli Kazımov, Cabir İmanov), amma ortaya urvatlı nəticə çıxmayıb.

Filmin əvvəli seksist epziodla başlayır, altı qız atası Ağanatiq onları oğlan kimi tərbiyələndirir və arvadından (Tünzalə Ağayeva) oğlan doğmağı tələb edir. Qız uşaqlarına ayrı-seçkilik, selektiv abortlar cəmiyyətin ağrılı məsələlərindəndir. Düşünmək olardı ki, atanın ayrı-seçkiliyi süjetin əsas xətti olacaq və bu xətlə bir nəticəyə varılacaq. Hətta Ağanatiq, Əvəzin qızı Aylinə sürücü təyin olunanda, Ağanatiqin övladlarına münasibətinin dəyişməsində rol oynayacaq hansısa hadisələrin baş verməsini gözləmək olardı.

Finalda ata yeddinci qızının doğulmasına sevinir. Amma buna gətirən heç bir hadisə baş vermir. Yəni ərköyündən çox “debil” kimi təqdim olunan Aylin Ağanatiqi təhqir edir, onunla istədiyi kimi davranır, qızın baş qəhrəmanın mühafizəkar dünyagörüşünə fərqli zidd həyat tərzi onu qıcıqlandırır. Aylin qaçırılmasından narahatlığı isə onun daha çox Əvəz qarşısında məsuliyyət hissindən doğur.

Başqa bir məqam Aylinin internetdən, sosial şəbəkələrdən xəstəhal dərəcədə asılılığıdır. İnternetdən asılılıq çağdaş dünyanın yayğın problemlərindən biridir. Süjetə yerləşdirilmiş motiv yaxşıdır, aktualdır, amma o işlənmir, yalnız güldürmək xatirinə istifadə olunur. Əhvalatın finalında Aylinin internet asılılığı həllini tapmır, xəstəlik kimi qalır.

Atanın qızın tərbiyəsizliyinə şərik olması, onun pulla bağlı kaprizlərinə dözməsi, hər istəyini yerinə yetirməsi tənqid olunmur, əksinə, sanki “zənginlərə hər şey olar” kimi fikir təbliğ edilir.

Aylinin Ağanatiqlə qadın bezi zarafatı, bundan başqa, taksi yas çadırına girəndə, oradakı mollanın sərnişin kimi qəfildən Ağanatiqin yanında peyda olması və bu kimi başqa səhnələrin heç bir hadisəliyi yoxdur, onlar süjetin inkişafında rol oynamır. 

Ağanatiq personaj kimi koloritli, maraqlı olsa da müəlliflər obrazdan material kimi istifadə edə bilmirlər. Belə təəssürat yaranır ki, onların özləri Ağanatıq obrazını tanımırlar. Yəni onun dramaturji təyinatı bəlli deyil, süjet onun kimliyini açmır. Seksist göstərilən, Aylinin həqarətinə dözən Ağanatiqi, müəlliflər niyəsə simpatik, vicdanlı göstərmək istəyirlər…

Filmdə eyni zamanda Bəhram Bağırzadə, Tahir İmanov, Ələkbər Əliyev, Emil Abbasov oynayıb. Amma ümumilikdə, aktyor ifası sönük olduğundan onun üzərində xüsusi dayanmağa dəymir. / Kulis /

Diqqətinizi çəkə bilər


Orxan Bahadırsoy 25 Mart 2019

Teatrlar tarixə qovuşacaq, abidəyə çevriləcək

Tez-tez eşidirəm. Ən çox da aktyorlardan, aktrisalardan, rejissorlardan eşidirəm bu fikri: Teatrlar tarixə qovuşacaq, abidəyə &cce...

Şahanə Müşfiq 24 Mart 2019

Çingiz Ələsgərli: “Repertuar siyasəti çox ciddi yanaşma tələb edir”

Akademik Milli Dram Teatrı uzun illərdir ki, Azərbaycan mədəniyyətində, incəsənətində aparıcı yerlərdən birini tutur. Onun tez-tez yenilə...

Aliyə 21 Mart 2019

Daş ütü ilə məşq eləyən aktyorlar

Martın 21-i Beynəlxalq Kuklaçılar Günü kimi qeyd olunur. Kukla dirilmə, canlanma mistikası ilə, həmişə sehrlidir. Səhnə...

Toğrul Maşallı

Qismət Rüstəmov

Meyxana

sosial-kulturoloji araşdırma cəhdi "Mey ağızda qürub eləyir: zühuru yanaqlardadır”. Dəqiqi "Fəthi-meyxanə &u...

Kibrit 25 Mart 2019

“Sən supersən!”də xalq mahnısı Əhmədiyevanın ifasında

Azərbaycanlı təmsilçi “Sən supersən!” mahnı müsabiqəsində Azərbaycan xalq mahnısını ifa edib. Xanım Əhmədiyeva &...

Əliş Əsədulla 25 Mart 2019

Rafiq Babayev - "Əlvida"

Bəlkə, elə gəlişi gedişinin carçısı idi. Azərbaycan üçün heç xoş olmayan bir gündə gəlmişdi. Gedişi d...

Gündüz Ağayev