Çingiz Ələsgərli: “Repertuar siyasəti çox ciddi yanaşma tələb edir”
24 Mart 2019 Teatr

Çingiz Ələsgərli: “Repertuar siyasəti çox ciddi yanaşma tələb edir”

Şahanə Müşfiq

Akademik Milli Dram Teatrı uzun illərdir ki, Azərbaycan mədəniyyətində, incəsənətində aparıcı yerlərdən birini tutur. Onun tez-tez yeniləşən repertuar zənginliyinə teatrsevərlər, daimi tamaşaçılar yaxşı bələddir. Biz isə çoxsaylı oxucularımızı teatrın repertuar quruluşu, son illər Azərbaycan teatr səhnəsində baş verən proseslərlə daha yaxından tanış etmək üçün teatrşünas, dramaturq, teatrın ədəbi hissə müdiri Çingiz Ələsgərli ilə görüşdük.

Həmsöhbətimiz dedi ki, Akademik Milli Dram Teatrı, həqiqətən, ölkəmizin sənət mühitində hər zaman ana teatr hesab olunub: “Bir çox teatrlar həm repertuarlarını, həm də digər işlərini çalışırlar, bu teatra uyğun qursunlar. Bu, əvvəldən də belə olub, indi də belədir.

Repertuar olduqca incə məsələdir. Biz repertuarı qurarkən son məqamda hansısa dəyişikliklər, zəruri çıxartmalar və ya əlavələr ola bilir. Repertuar siyasəti böyük bir anlayışdır və çox ciddi yanaşma tələb edir. Çünki repertuarı qurarkən həm klassik, həm xarici, həm müasir, həm də uşaq dramaturgiyası hərtərəfli şəkildə əhatə olunmalıdır ki, biz hər yaş qrupundan olan insanların maraq dairəsini təmin edə bilək. Bunlarda da ilk növbədə dramaturji materialın yüksək şəkildə işlənməsinə ehtiyac var. Dramaturji materiallar, klassik əsərlərin böyük əksəriyyəti o dövrdə yazıldığı üçün bəzən müəyyən qədər redaktəyə, qısaltmalara ehtiyac olur və biz də, təbii ki, lazım olan məqamda bunları edirik. Keçən il teatrımızda doqquz tamaşa oldu. Əksəriyyəti tamaşaçı tərəfindən çox yüksək qarşılandı. Rejissor tamaşanı hazırlayarkən insanları nəzərə alıb hazırlayır və hansı səhnələrin, hansı hissələrin tamaşaçıya necə təsir edəcəyini peşəkar rejissor öncədən hesablayır. Çox zaman bunlar özünü doğruldur. Bizim keçən ildən qalan “Şah Qacar”, “Cəhənnəm sakinləri”, “Ölülər” (C.Məmmədquluzadə) əsərlərimiz tamaşaçı tərəfindən çox böyük maraqla qarşılanır və demək olar ki, hər nümayişi anşlaqa, rezonansa səbəb olur”.

Söhbətimizin bu yerində bir məqamı xatırlayıram. Akademik Milli Dram Teatrı qarşılaşdığımız qədərilə ən çox elə “Ölülər” tamaşasının uzun müddət repertuarda qalmasına görə tənqid olunur. Çingiz Ələsgərlinin bu fikrə münasibətini də öyrənirəm. Deyir ki, klassik nümunə olduğu kimi repertuara gətirilməməlidir, mütləq müasir dövrlə səsləşməlidir. Ona görə də bunlar klassik nümunə adlanır:

“Bəli, “Ölülər” əsəri uzun illərdir ki, repertuardadır. Ancaq burada Şeyx Nəsrullahın ölüləri diriltməsindən getmir axı söhbət. Burada söhbət mənəviyyatın, milli dəyərlərin ölümündən gedir. Şeyx Nəsrullahın əxlaqsızlığı, İsgəndərin bunu ifşa etməsi deyil məsələ. Məsələ mənəvi cəhətdən ölmüş təbəqə ilə sağlam düşüncəli insanların mübarizəsidir. O cümlədən, Cəfər Cabbarlının “Almaz” əsəri kollektivləşmə dövründə yazılıb. Ancaq Cəfər Cabbarlı qeyri-peşəkar deyildi ki, təkcə kollektivləşməni əsərinə mövzu kimi seçəydi. Söz yox ki, o, yeniliklə köhnəliyin mübarizəsini yazırdı. Bu da həmişə olub və var. Antik damaturgiyaya qədər gedib çıxsaq belə, bu mövzuya orada da rast gələcəyik.

Mirzə Cəlilin 150, Mikayıl Müşfiqin 110, Cəfər Cabbarlının 120 illiyi haqqında Prezidentimizin müvafiq sərəncamları oldu. Bunun özü milli klassikaya olan çox yüksək dəyər və diqqətdir. Dövlətimiz Milli Dram Teatrına da hər zaman diqqət və qayğı ilə yanaşıb. Biz də bu qayğıdan yüksək şəkildə yararlanıb, bəhrələnib repertuarımızı zənginləşdiririk”.

Müsahibim mətbuatın incəsənətin, o cümlədən, teatrın inkişafındakı mühüm rolunu da qeyd edərək, jurnalistləri teatr dünyasına daha yaxın olmağa səsləyir: “Mətbuatın da teatra münasibətindən çox şey asılıdır. Bir tamaşaya 200-300 insan gəlib baxır, amma həmin tamaşa haqqında bir jurnalistin, qələm adamının yazdığı yazını mindən çox insan, böyük auditoriya oxuyur və bu sayədə həmin tamaşadan xəbərdar olur.

Teatr sinkretik sənətdir. Rejissor, aktyor, geyim rəssamı, işıqçı, musiqi, rəqs – bunların hamısı hər tərəfli elə qurulmalıdır ki, hər cür tamaşaçının zövqünü oxşaya bilsin. Hazırlıqlı tamaşaçı var və qeyri-hazırlıqlı tamaşaçı var. Bütün zalda daimi tamaşaçılar olmur ki, aralarında ilk dəfə, hətta təsadüfən teatra gələnlər də olur (Bu yerdə həm özümün ilk dəfə uşaq vaxtı teatra getməyimi, həm də ilk dəfə teatra apardığım tanışlarımı, onların tamaşa sonrası reaksiyalarını xatırlayıram – Ş.M.). Bizə lazımdır ki, onların da diqqətini cəlb edə bilək və onlar da baxdıqları tamaşadan özünə lazım olanı götürsünlər. Tamaşa mənəvi zövqlərin formalaşmasına xidmət etməlidir. Teatra ilk dəfə gələn tamaşaçını da nəzərə alırıq ki, o da anlasın bizim nəyi göstərmək istədiyimizi.

Sadə tamaşaçı əsərdən bir şey götürə bilər, akademik başqa şey. Məsələn, bizim “Ölülər” tamaşasına baxan akademik, millət vəkili İsa Həbibbəyli demişdi ki, Azər Paşa Nemətov burada Mirzə Cəlili hər tərəfli şəkildə açıb. Yazılan mətn ayrıdır, bir də mətnin alt qatı var ki, rejissorun işi onu açmaqdır.

Ulu Öndər Heydər Əliyev daim teatra yaxın insan olub. Bizim hətta demək olar ki, bütün tamaşalarımıza baxıb və bəzən teatrşünaslardan qat-qat maraqlı fikirlər öyləyib, tamaşaya tam şəkildə şərh verib. Klassik əsərdən imtina etmək olmaz, amma eyni zamanda, müasir əsərlərə də müraciət edirik.

Bizim müasir əsərlərimizdən Miro Qavranın “Qəribə, çox qəribə əhvalat” tamaşası gənc rejissor Əlif Cahangirlinin quruluşunda çox maraqlı alınıb. Orada iki qocaman sənətkarımız, Xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılovla birlikdə onlara nisbətən gənc aktyor Ramin Şıxəliyev də rol alıb. Bir neçə gün öncə Hacı İsmayılov öz ad günündə həmin tamaşanı oynadı. Bu, onun da, teatrın da, tamaşaçıların da yaddaşında gözəl və maraqlı xatirə kimi qalacaq. Gənclərlə qocaman sənətkarlarımızın eyni səhnə əsərində iş birliyinə şərait yaradan Azər Paşa Nemətovdur. O, hər zaman bu cür eksperimentlər etməyə çalışır və həqiqətən də nəticələr çox uğurludur.

Hətta həmin tamaşa hər il Avropada keçirilən beynəlxalq teatr festivalına dəvət də alıb. Bu da onu göstərir ki, tamaşa qısa zamanda diqqət çəkməyi, maraq yaratmağı bacarıb. Hazırda Akademik Milli Dram Teatrında üç kiçik səhnə var: Tofiq Kazımov, Mehdi Məmmədov və Abbas Mirzə Şərifzadə adına səhnələr. Bu səhnələrdə həm məşqlər gedir, Abbas Mirzə Şərifzadə adına səhnədə isə həm də tamaşalar oynanılır. Hətta orada eksperiment xarakterli tamaşalar da qurula bilər.

Hazırda teatrımızda Şekspirin “12-ci gecə” tamaşasının məşqləri gedir: “12-ci gecə və ya heç nədən hay-küy”. Əsər komediya janrındadır. Necə ki, bizim klassik nümunələr teatrımızın repertuarında var, o cümlədən, Şekspir də elə bir səviyyədədir, elə bir məhəg daşıdır ki, hesab edirəm, hər bir truppa özünü onunla yoxlamalıdır, ona mütləq müraciət etməlidir. Bu tamaşa da mənə elə gəlir ki, maraqla qarşılanacaq”.

Əlbəttə, teatrdan, tamaşadan danışırıqsa, uşaqları unutmaq olmaz. Milli Teatrın səhnəsində də kifayət qədər maraqlı və düşündürücü uşaq tamaşalarının olduğundan xəbərdaram. Müsahibim də bu mövzudan yan keçmir:

“Bizdə uşaq tamaşalarına da diqqət böyükdür. Biz hesab edirik ki, uşaqlar üçün yazılan səhnə əsərlərinə müraciət etməklə, biz gələcək tamaşaçılarımızı yetişdirməliyik. Gənclərin daha çox marağını cəlb edən məhəbbət mövzulu əsərlərə də tez-tez müraciət edirik. Müasir dramaturqlar da öz əsərlərində mövzu zənginliyinə can atırlar. Məsələn, Əli Əmirlinin Mikayıl Müşfiqin yubileyi münasibətilə yazdığı “Ah, bu uzun sevda yolu” tamaşası özündə qanlı-qadalı repressiya illərinin dəhşətləri ilə yanaşı, həm də məhəbbəti, sədaqəti ehtiva edir. Bizdə “Qarabağnamə” tamaşası var ki, hər mövsümün əvvəli onunla açılıb, sonu onunla bağlanır. Bu, bir növ bizim teatr olaraq, bu dərdə, bu ağrıya münasibətimizdir. Allah eləsin ki, torpaqlarımız qayıtsın, biz də bu və bu kimi tamaşalarımızı ancaq tarixin bir səhifəsi kimi göstərək. Elə bu tamaşanın özü də tarix olaraq qalsın. Torpaqlarımız qayıdandan sonra isə biz qələbə ruhlu, zəfər əzmli əsərləri yazıb səhnələşdirək. Mən inanıram ki, dövlətimizin, dövlət başçımızın apardığı uğurlu siyasət nəticəsində o gün heç də uzaqda deyil və biz çox tezliklə həmin qələbəni bayram edəcəyik”.

Akademik Milli Dram Teatrında gənc rejissorların adlarına artıq tez-tez rast gəlirik, əsərləri repertuarda yer alır. Ancaq gənc dramaturq problemi hələ də qalmaqdadır. Görəsən, niyə gənclər arasında dramaturqlar yoxdur, ya da onların əsərləri səhnələşdirilmir?

“Hazırda Teatr Xadimləri İttifaqında Xalq artisti Ramiz Fətəliyevin başçılığı ilə dramaturgiya kursları fəaliyyət göstərir. İttifaq təmənnasız olaraq, gənclərimizi o kurslara cəlb edib. Mən də bəzən onların dərsləri, fəaliyyəti ilə maraqlanıram və görürəm ki, həqiqətən də istedadlı gənclər yetişir. Bu da Azər Paşa müəllimin daha bir xidmətidir. Məsələn, illər öncə bizə 30 yaşına qədər dramaturq lazım olanda onu tapmaq mümkün olmurdu. İndi isə elə Teatr Xadimləri İttifaqının xətti ilə neçə cavan dramaturqlarımız yetişib, biz onların kitablarını çap etmişik, onları xarici ölkələrdə festivallara, tədbirlərə göndərmişik.

Səmimi şəkildə deyirəm ki, indi gənclərimizdən bizə yüksək, tutumlu bir əsər təqdim olunsa, mən böyük məmnuniyyətlə onu Azər Paşa müəllimlə müzakirə edərəm. Ancaq təəssüf ki, yaxşı əsərlər çox olsa da, professional, peşəkar səviyyəli əsərlər hələ yoxdur. Düşünürəm ki, bunun üçün də müəyyən zaman lazımdır. Əsas məsələ odur ki, oxuyaq, bu sahədə savadımızı artıraq. Dramaturgiya həddindən artıq çətin sahədir. Dramaturqların, ssenaristlərin azlığı təkcə bizim problemimiz deyil. Bu, bütün dünyada olan bir problemdir. Çünki dramaturji əsər həyatın bir anının səhnələşdirilməsidir. Həyat isə o qədər gözlənilməzliklərlə, sürprizlərlə doludur ki, ondan baş çıxartmaq və hətta yazıya köçürtmək çətin prosesdir. Bu sahədə birinci növbədə maraq və sevgi olmalıdır, davamında isə çox mütaliə, həyati müşahidə. Sözün fikir yükü dramaturji materialda çox böyük incəliklə işlənməlidir. Hətta mən düşünürəm ki, səhnə əsərləri hazırlanarkən orada psixoloqdan da istifadə olunmalıdır. Çünki insan psixologiyası, onun hadisələrə verdiyi reaksiyalar çox müxtəlif və mürəkkəbdir. Ondan baş çıxartmaq çətin məsələdir. Ona görə də bəzi situasiyalarda psixoloq müdaxiləsi lazım ola bilir.

Yaxşı səhnə əsərinin həm əvvəli, həm axırı olmalıdır. Həm də mütləq maraqlı obrazlarla zəngin olmalıdır. Zamanla gənclərimizin də bu sahəyə marağının artacağına və bizə bu cür maraqlı situasiyalarla, obrazlarla zəngin yeni əsərlər təqdim edəcəklərinə inanıram”.

Diqqətinizi çəkə bilər


Orxan Bahadırsoy 25 Mart 2019

Teatrlar tarixə qovuşacaq, abidəyə çevriləcək

Tez-tez eşidirəm. Ən çox da aktyorlardan, aktrisalardan, rejissorlardan eşidirəm bu fikri: Teatrlar tarixə qovuşacaq, abidəyə &cce...

Şahanə Müşfiq 24 Mart 2019

Çingiz Ələsgərli: “Repertuar siyasəti çox ciddi yanaşma tələb edir”

Akademik Milli Dram Teatrı uzun illərdir ki, Azərbaycan mədəniyyətində, incəsənətində aparıcı yerlərdən birini tutur. Onun tez-tez yenilə...

Aliyə 21 Mart 2019

Daş ütü ilə məşq eləyən aktyorlar

Martın 21-i Beynəlxalq Kuklaçılar Günü kimi qeyd olunur. Kukla dirilmə, canlanma mistikası ilə, həmişə sehrlidir. Səhnə...

Toğrul Maşallı

Qismət Rüstəmov

Meyxana

sosial-kulturoloji araşdırma cəhdi "Mey ağızda qürub eləyir: zühuru yanaqlardadır”. Dəqiqi "Fəthi-meyxanə &u...

Kibrit 25 Mart 2019

“Sən supersən!”də xalq mahnısı Əhmədiyevanın ifasında

Azərbaycanlı təmsilçi “Sən supersən!” mahnı müsabiqəsində Azərbaycan xalq mahnısını ifa edib. Xanım Əhmədiyeva &...

Əliş Əsədulla 25 Mart 2019

Rafiq Babayev - "Əlvida"

Bəlkə, elə gəlişi gedişinin carçısı idi. Azərbaycan üçün heç xoş olmayan bir gündə gəlmişdi. Gedişi d...

Gündüz Ağayev