Riki Martin Papadan böyük xristiandır
28 Mart 2019 Vəsfi-hal

Riki Martin Papadan böyük xristiandır

Oktay Qorçu

Yaşlılar, ağsaqqallar gəlimli-gedimli dünyanın bitib-tükənməyən dava-dalaşına söz tapa bilməyəndə eləcə köks ötürüb mövzuya belə nöqtə qoyardılar: “Dünya min dəfə dolub-boşalıb, elə belə də gedəcək…”

Kütlə psixologiyası. Törədilən qırğınlara dolayısı bəraət. Müharibə dilemmasının izahı. Yəni nə qədər Yer üzündə insan var, nə qədər güc və siyasət var, müharibələr davam edəcək. “Yaranışdan üzü bəri belə olub. Görəndə ki, adamlar çoxalıb düzü-dünyanı tuturlar, padşahlar ortalığa tez müharibə salıblar ki, camaat azalsın. Başı bir tikə çörək qazanmağa qarışan millətin gözü qorxsun, padşah hüzurunda beli yağırlı, dili gödək olsun”. Bir zaman məntiqinə güldüyüm üç sinif bitirən nənəmin düşündükləri mənə qəribə gəlirdi, qarıya azad gələcəkdən, sülhə qovuşacaq demokratik dünyadan, şərin xeyrə məğlub olacağından danışırdım. Onun başa düşəcəyi bir dildə nənəmə “dərs deyirdim”. Amma bu inadkar, höcəti sevən qadın yenə öz fikrindən daşınmadı. Elə “mən deyən düzdü” deyib durdu.

Üstündən on illər ötüb, bu gün nə nənəm var, nə də mənim arzuladığım sülh və azadlıq. Bu gün müharibə var, bu gün səngiməyən, günü-gündən alovlanan dini, irqi, siyasi, iqtisadi toqquşmalar, məhəllə, küçə, şəhər, ölkə uğrunda aparılan qırğınlar, dini radikal toplumların, ayrı-ayrı şəxslərin törətdiyi terrorlar var. Və bu gün cəhənnəm qazanına düşən dünyanı nənəmin düşündüyü kimi idarə edirlər. İdarə edilən ölkələr, xalqlar, cəmiyyətlər. Siyasi və hərbi konsepsiyaya çevrilən dini prinsiplər. Xristianlığın islama necə qalib gələcəyi barədə saf-çürük edilən, tez-tez dəyişilən planlar. Bunların bəlasını isə günahsız insanlar çəkir. Düşmənçiliklə öldürülən müsəlmanlar, yeganə məqsədi ancaq sakit, nifrətsiz və yaxşı yaşamaq olan, buna görə qətlə yetirilən neçə-neçə xristian bəndələr, günahı olanın cəzasını günahsız yerə çəkən yəhudilər. Hamısı da Yer üzünün əşrəfi olan Adəmin törəmələri. Allah bəndələri.

İndiyədək baş vermiş və bu günədək davam edən bütün müharibələrin, dini, milli münaqişələrin, terrorların ideoloqu İblisin dünyadakı hakimiyyəti insanların sayəsində get-gedə möhkəmlənir. Terrorçuluq yeni fazaya qədəm qoyur. Terrorun üslubu da dəyişib. İlk baxışdan düşünülməmiş akt təsiri bağışlayan, pərakəndə hisslərin təzahürü kimi görünən terror əməli sadəcə emosiya və qəddar insanların törətdiyi dəhşət deyil. Terror siyasi, hərbi, psixoloji təzyiqin, qlobal kiber müharibənin sınaqdan çıxmış “uğurlu tapıntısı” formuludur.

Mətləbə keçək… Başsağlığı verənlərin, kədərlənib göz yaşı axıdanların sayı hər gün artır. Pərən-pərən olan, gülləbaran altında özünü itirib məsciddən çıxa bilməyən, elə Allahın evindəcə şəhid edilən müsəlmanlar barəsində… Pərakəndəlik olsa da… Amansız adamlara, əxlaqı sızanlara baxanda düşünürsən ki, axı bu boyda ədalətsizlik olarmı? Özü də belə… Bu boyda ədalətsizlik… olur demək, yəqin uzun illər elə belə də davam edəcək…

Nə qədər ki, Musanı, İsanı, Məhəmmədi dünyanın din, fəlsəfə, mədəniyyət tarixinin bir parçası deyil, sadəcə ayrı-ayrı xalqların, toplumların keçmişi, ənənələri kimi təqdim edəcəklər, nə qədər ki, Ladenin, İŞİD-in heyfinı dinc müsəlmanlardan çıxacaqlar, nə qədər ki, İsrail siyasətinin qisası ilə günahsız yəhudi öləcək, nə qədər ki, radikal islamçı qruplar, xəstə düşüncəli məzhəb əsgərləri məscidləri, kilsələri, sinaqoqları darmadağın etməkdən əl götürməyəcək, nə vaxta qədər ki, Musa ancaq yəhudilərə, İsa xristian sivilizasiyasından keçib gələn xalqlara, Məhəmməd ərəblərə, türk və farslara mənsub olacaq, belə də davam edəcək. İrəlidə sülh, barışıq yox, yenə qan-qada, müharibə görünür.

Planlı şəkildə Yeni Zelandiyada terror təsəvvürü yaradanların qurduğu bu dəhşətli oyun baş tutdu. Müsəlmanlara qarşı terror törədildi və bunu ustalıqla bacaranlar indən sonra girişəcəklər “gözüaçıq”, daima səksəkəli Yeni Zelandiya cəmiyyəti qurmağa. Özülündə nifrət olan bir toplum yaratmaq məqsədi. Bunun yeganə səbəbi isə bu ölkədə yaşayan insanların uzun illər boyu dini, irqi konfliktdən qaçmaq cəhdidir. Göründüyü kimi bu ölkənin vətəndaşları normal cəmiyyətdə yaşayıb qanunlara tabe olan, əxlaqi, mənəvi dəyərlərə hörmət etməyi bacaran, müsəlmanlardan çəkinməyən, terrorçuluğun nə olduğunu bilməyən, demək olar ki, qorxu hissini unudan insanlardır. Belə normal cəmiyyətlər isə qaranlıq qüvvələri həmişə rahatsız edib. Nəticə məlumdur. Məscidə soxulan Avstraliya vətəndaşı ibadət edən müsəlmanları güllə yağışına tutdu. Xeyli ölən və yaralanan oldu. Dünya onun insanları necə qətlə yetirdiyini canlı yayımda izlədi. Sonra da “təəssüflənirik” dedilər.

Bu terror aktı məni də çox ağrıtdı, həm də heyrətləndim. Tarrantı yetişdirən xalq, cəmiyyət deyil. Zamanında ciddi şəkildə cəzalandırılmayan bu radikal düşüncə sahibini islam əleyhinə apardığı təbliğata, etdiyi çağırışlara görə alqışlayan kütlə tələsik qaraqışqırıqla qara geyinib hüznlü görkəmdə başsağlığına tələsir. Terrordan sonra heç kim onun yanında olmaq istəmir, hətta Brenton Tarrant kimi düşünənlər də. XXI əsrin müasir, daima çəkişən dünyasını belə arzulayan, belə görmək istəyən dairələrin məqsədi də elə bu idi. Yeni Zelandiyada və qonşu ölkələrdə indi hamı qorxur. Terror dəhşətli olay olduğu qədər də köhnəlməyən bir mövzudur. Hollandiyalı qadının körpə qızı ilə məscid imamına məktub təqdim edib ağlaya-ağlaya “utanıram” söyləyib öz balasına, əlində gül dəstəsi tutan balaca qızcığaza baxması gözümdən qaçmadı. Qadın hadisə yerinə qorxduğuna görə gəlmişdi. Həlak olan müsəlmanın xanımına sarılan baş nazirin kövrəlməsi isə oxşar mənzərəni tamamlayırdı. Və əlində gül-çiçək hadisə yerinə axışan neçə-neçə belə zavallı, günahsız QORXAQLAR. Bəlkə də Yeni Zelandiyanın xanım baş naziri də öncə ailəsini və övladlarını düşünür, bəlkə də bu məqamda onun cavabını tapmaq istədiyi yeganə sual budur: “Niyə? Görən bunun cavabı, bunun qisası olacaqmı?”

Terrorun ən böyük məqsədi əslində özünümüdafiə, yaxud da hücum hissini yaratmaq deyil, böyük nifrət formalaşdırmaqdır. Bu, qədim xristian mədəniyyəti deyil, bu heç müsəlman Şərqinin, islam dünyasının amalları da deyil, bu, xaçpərəstlərin yaşadığı Avropanın, əlisilahlı Qərbin, bəşəriyyətə meydan oxuyan Amerikanın, böyük bir qitənin hazırladığı dünyanın siyasi coğrafiyasına nəzarət metodu, yazılı və mənəvi qanunlar xaricində xüsusi yanaşma tərzidir. Onlar öldürməyi də, təsəlli verib ağlamağı da yaxşı bacarırlar. Göz yaşı, peşmanlıq hissi isə müsəlmanı həmişə bir addım geri çəkir. Onlar müsəlmanların kim olduğunu hər bir müsəlmandan yaxşı bilirlər. Onlar istədiklərini edəcəklər…

Silahsız, şeytan vəsvəsəsindən qaça-qaça və Allaha ümid edə-edə günorta namazına, ibadətə tələsən, başıbəlalı dünyanın, bu böyük dünyanın üstündə gəzən insanların bir gün düz yolda birləşəcəyinə, sülhün, əmin-amanlığın, qardaşlığın bərqərar olacağına inanan, gözəl arzulara köklənib gözəl niyyətlə Tanrıya əl açan, ağızdolusu dualar edən onlarla adam ancaq müsəlman olduğuna görə qətlə yetirilib. Və bütün bunlar günün günorta çağı Yeni Zelandiyanın Kraysçörç şəhərində baş verib. Terrorçu, Avstraliya vətəndaşı Brenton Tarrant öncə sosial şəbəkələrdə radikal çağırışlar edir, sonra da internetlə özünü canlı yayıma qoşub silahlı hücuma başlayır. İrqçi, radikal xristian, islam dininin düşməni kimi dininə, ölkəsinə, xalqına və dindaşlarına xidmət etdiyini düşünən və həyata keçirə bildiyi terror aktının, qanlı hücum planının hər detalını düşünülmüş şəkildə ölçüb-biçən “İsa fədaisi” Brenton Tarrantın törətdiyi, demə, sadəcə bir xəstə düşüncəli ekstremistin, “atıcının” əməlləri imiş. Silahlı adam günorta çağı quduz canavar təki cumur Əl-Nur məscidinə, müsəlmanlara məxsus ibadət evinə basqın edib qarşısına çıxanı güllələyir, üstəlik də tələsmədən hamının öldüyünə əmin olmaqdan ötrü yerdə qalanlara yanaşıb tək-tək sınaq atəşi açır və bütün bunlar sərsəmlik adlanır. Nəzərə alsaq ki, terrorçu sosial şəbəkənin gözündən də qaçmayıb və bu dəhşəti yayan, qətliamı paylaşan efiri dayandırmaq barədə bir kimsə belə düşünməyib, deməyə daha söz qalmır…

Artıq ölənlərin sayının 50 nəfərə çatması, 47 yaralının olması kimləri isə deyəsən diksindirib. Halbuki indi bunun heç bir əhəmiyyəti yoxdur, olan oldu. Bu, düşünülmüş terrordur. Bu, Tarrantın, irqçi kimi tanınan bir emosional, çılgın xəstənin, üz-gözündən qəzəb və kindən savayı heç nə oxunmayan, görünüşü ağıllı adam təsir bağışlamayan, heç savaşçıya da bənzəməyən sərsəmin işi deyil. Bu, uzun əlləri dünyanın boynuna dolanan böyük-böyük dairələrin, illər uzunu nəhəng sərvətlərin çiynində dəhşətli planlar hazırlayan, “qırmızı dağ” quranların Yeni Zelandiyaya mesajıdır.

Hamı qorxur. İstənilən nəticə də elə bu idi – qorxutmaq. Dodağından təbəssüm çəkilmədən başsağlığı verən, qanlı olay barədə sanki çəkinə-çəkinə, qorxa-qorxa danışan, ancaq hadisəni terror aktı kimi dəyərləndirməyən Vatikan Papasının müraciəti isə gülməli olduğu qədər də həqiqətən zavallı görüntü idi. Bir başqa Allah bəndəsinin, amerikalı ispan əsilli xristianın, məşhur aktyor və müğənni Riki Martinin (Enrike Martin Morales) “İnstaqram” hesabında yazdığı ilə Papa Birinci Fransiskin söylədiklərini müqayisə etsək… Riki Martin bu adamı müsəlman olmadığına görə terrorçu adlandırmadıqlarını iddia edir. “Beynəlxalq mətbuat atıcı, ekstremist adlandırır, amma terrorçu demir. Niyə? Çünki o, müsəlman deyil”. Bu, Roma Papasından da böyük xristian olan bariton ifaçı Riki Martinin fikridir.

Yeni Zelandiyanın iki məscidində müsəlmanlara qarşı törədilən terrorun altında çox mətləb gizlənir. Deyəsən bu xoşbəxt ölkəni qan çanağına döndərməyin zamanı gəlib… Bəlkə də yanılıram, kim bilir…

…Biz görürük, biz hər şeyi bilmirik… amma biz yazırıq… /Novator/

Diqqətinizi çəkə bilər


Orxan Bahadırsoy 25 Mart 2019

Teatrlar tarixə qovuşacaq, abidəyə çevriləcək

Tez-tez eşidirəm. Ən çox da aktyorlardan, aktrisalardan, rejissorlardan eşidirəm bu fikri: Teatrlar tarixə qovuşacaq, abidəyə &cce...

Şahanə Müşfiq 24 Mart 2019

Çingiz Ələsgərli: “Repertuar siyasəti çox ciddi yanaşma tələb edir”

Akademik Milli Dram Teatrı uzun illərdir ki, Azərbaycan mədəniyyətində, incəsənətində aparıcı yerlərdən birini tutur. Onun tez-tez yenilə...

Aliyə 21 Mart 2019

Daş ütü ilə məşq eləyən aktyorlar

Martın 21-i Beynəlxalq Kuklaçılar Günü kimi qeyd olunur. Kukla dirilmə, canlanma mistikası ilə, həmişə sehrlidir. Səhnə...

Toğrul Maşallı

Qismət Rüstəmov

Meyxana

sosial-kulturoloji araşdırma cəhdi "Mey ağızda qürub eləyir: zühuru yanaqlardadır”. Dəqiqi "Fəthi-meyxanə &u...

Kibrit 25 Mart 2019

“Sən supersən!”də xalq mahnısı Əhmədiyevanın ifasında

Azərbaycanlı təmsilçi “Sən supersən!” mahnı müsabiqəsində Azərbaycan xalq mahnısını ifa edib. Xanım Əhmədiyeva &...

Əliş Əsədulla 25 Mart 2019

Rafiq Babayev - "Əlvida"

Bəlkə, elə gəlişi gedişinin carçısı idi. Azərbaycan üçün heç xoş olmayan bir gündə gəlmişdi. Gedişi d...

Gündüz Ağayev